Onlayn portal vasitəsilə qlobal informasiya bazasına bildirişlərin ötürülməsinə start verildi

2021-10-01

   Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin (məlumatların) onlayn şəkildə ötürülməsi üçün görülən işlər başa çatdırılmışdır. Onlayn portal vasitəsi ilə pasiyentlər, pasiyent yaxınları və tibb işçiləri dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumatları daha rahat bir şəkildə ötürülməsinə səbəb olacaqdır. Bildiyiniz kimi Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Proqramı çərçivəsində əməkdaşlığını davam etdirir və Mərkəzimiz dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda-risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bu məqsədlə məlumatın toplanması, qeydiyyata alınması və qiymətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Sistemin əsası Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Mərkəzi tərəfindən hazırlanmışdır və burada təqdim etdiyiniz məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürüləcəkdir. Təqdim edilən məlumatlar əlavə təsirləri müəyyən etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə Mərkəz tərəfindən nəzarət ediləcəkdir. 
   Onlayn bildirişlərin ötürülməsi üçün https://primaryreporting.who-umc.org/az  linkindən istifadə edərək və ya QR kodu telefonunuz vasitəsi ilə oxudaraq keçid əldə edə bilərsiniz. Bundan başqa, çox yaxın zamanda saytımızda onlayn portaldan istifadəni daha da asanlaşdırmaq məqsədilə, təlimat video-çarxı da yerləşdiriləcək.